Diplomatik immunitet

Hər biri sahibinə müxtəlif səviyyəli diplomatik toxunulmazlıq verən diplomatik pasport (solda) və ümumvətəndaş pasportuna (sağda) nümunə

Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir.

Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür:

  • dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları;
  • şəxsi immunitet və imtiyazlar.

Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir.

Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search